ŞUŞA, 13 iyul. TELEQRAF

Sosial platformalarla bağlı yeni qanun layihəsi hazırlanır və qanunvericiliyin məqsədi məhdudlaşdırma deyil.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə heyətinin sədri Fərid Zeynalov IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, məqsəd uşaqlar üçün daha təhlükəsiz mühitin yaradılmasına istiqamətlənib.

"Burada platformaların üzərinə də məsuliyyət düşür. Bir sıra mexanizmlər nəzərdə tutulub. Qanunvericiliyin icrasını təmin etmək məqsədilə xəbərdarlıq, maliyyə sanksiyaları, inzibati tədbirlər və son mərhələdə məhkəmə qərarı əsasında texniki məhdudlaşdırma kimi mexanizmlər nəzərdə tutulur", - o vurğulayıb.

Onun sözlərinə görə, indiki zamanda süni texnologiyaların özündən istifadə etməklə reallıqdan ayrılması çox çətin olan materiallar hazırlanır:

"Sosial media platformaları üzərindən milyonlarla insan ünsiyyət qurur və müxtəlif mədəniyyətlər arasında körpü yaranır. Texnologiyaların inkişafı ilə bağlı yeni çağırışlar yaranır. Bununla bağlı çağırışlarda diqqət edilməli əsas qrup uşaqlar və yeniyetmələrdir. Çünki onlar müəyyən təhlükələrlə üzləşə bilir. İnformasiya təhlükəsizliyi məsələsi sadəcə texniki məsələ deyil, həm də ictimai etimadın bir hissəsinə çevrilib. Yaranan problemlər tək dövlətin deyil, cəmiyyətin, valideynlərin də məsuliyyətidir. Dünya təcrübəsinə nəzər salsaq, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Azərbaycanda da bu istiqamətdə müxtəlif işlərin aparılmasına başlanılıb".