"Azərbaycan AQEM-ə sədrliyi dövründə təşkilatın transformasiya prosesinə uğurla rəhbərlik edib".

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Baş katibinin müavini Zhang Ling IV Şuşa Qlobal Media Forumunda deyib.

O bildirib ki, Azərbaycan onun davamlı inkişafına mühüm töhfələr verib.

Zhang Ling qurumun regiondakı rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib.

"Buna görə Azərbaycana minnətdarıq. Azərbaycanın sədrliyi dövründə əldə olunan nailiyyətlər oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Zirvə Toplantısında yekun qiymətləndiriləcək. Bu sammitin təşkilatın inkişafında yeni mərhələ olacağına inanırıq. Bu, üzv dövlətlər arasında əməkdaşlığı daha da gücləndirəcək”, - o vurğulayıb.