BAKI, 6 avqust. TELEQRAF
Avqustun 3-dən 6-dək Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu – TADİV və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.
Teleqraf xəbər verir ki, proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.
Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və məskunlaşma işlərini yerində müşahidə etmək, “Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən tarixi dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə birbaşa mənbələr vasitəsilə çatdırmaqdır.
Proqram zəfər, quruculuq və sülh istiqamətləri üzərində formalaşdırılıb. Azərbaycan dövlətinin regional sülh siyasətinin, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının, Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyətinin media müstəvisində obyektiv təqdim olunması da əsas hədəflər sırasında yer alıb.
Proqramın ilk günü Bakıda ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub. Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşərək Qarabağda yenidənqurma prosesi, Cənubi Qafqazda davamlı sülhün perspektivləri və müharibədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıb. Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə sülh prosesi, Zəngəzur dəhlizinin regional əhəmiyyəti və Azərbaycan–Türkiyə əməkdaşlığının yeni imkanları müzakirə olunub. Proqramın uğurla həyata keçirilməsinə və media fəaliyyətinin səmərəli əlaqələndirilməsinə verdiyi dəyərli töhfələrə görə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyinə də təşəkkürümüzü bildiririk.
Proqram Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən yekun iclasla başa çatıb.
Yekun iclas zamanı Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizi, nəqliyyat və enerji layihələri, regional əməkdaşlıq perspektivləri media nümayəndələrinin sahə müşahidələri əsasında geniş müzakirə olundu. Proqramın ən mühüm nəticələrindən biri də Türkiyə mediasında Qarabağla bağlı məlumatların rəsmi açıqlamalardan kənara çıxaraq birbaşa şahidlik, insan hekayələri və konkret faktlarla zənginləşməsi oldu. Bu formatın davamlı şəkildə keçirilməsi Azərbaycan–Türkiyə media əlaqələrinin güclənməsinə, Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq auditoriyaya daha dolğun çatdırılmasına və Cənubi Qafqazda formalaşan sülh gündəliyinin daha təsirli təqdimatına mühüm töhfə verə bilər.