ŞUŞA, 13 iyul. TELEQRAF
"Afrikadan gələn bir media nümayəndəsi olaraq, öz idarəetmə məsələlərini uğurla həll edən Azərbaycan kimi tərəfdaşların təcrübəsini öyrənməyə böyük önəm veririk".
Bunu Teleqraf-a açıqlamasında Qana Xəbər Agentliyinin baş icraçı direktoru Albert Kofi Ovusu Şuşa Qlobal Media Forumunda deyib.
O bildirib ki, Afrikada da liderlərin öz ölkələrini inkişaf etdirmək və beynəlxalq ticarət əlaqələri qurmaq üçün istifadə edə biləcəkləri kifayət qədər resurslar var və Azərbaycan bu yolda onlar üçün uğurlu bir nümunədir.
Albert Kofi Ovusu qeyd edib ki, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm paya sahibdir.
"Şuşada gördüklərimiz Azərbaycan xalqının ölkəni inkişaf etdirmək yolundakı qətiyyətindən xəbər verir. Bura jurnalist kimi gəlib illər ərzində əldə olunan nailiyyətləri öz gözlərinizlə görməyincə, Azərbaycanın fəaliyyəti haqqında tam təsəvvür yaratmaq çətindir. Vətənimizə qayıtdıqdan sonra bu regionda, xüsusən də Azərbaycandakı böyük inkişaf barədə geniş məlumatlar paylaşacağıq. Gördüklərim məndə çox zəngin təəssürat yaratdı", - o qeyd edib.