ŞUŞA, 13 iyul. TELEQRAF

Şuşa Qlobal Media Forumu mükəmməl bir ideyadır, çünki o, bir çox ölkədən olan insanları, məsul şəxsləri və eyni zamanda vətəndaş cəmiyyətini bir araya gətirir.

Bunu Teleqraf-a açıqlamasında Mərakeş Krallığının Audiovizual Rabitə üzrə Ali Orqanının (HACA) Prezidenti Lətifə Axarbax IV Şuşa Qlobal Media Forumunda deyib.

O bildirib ki, burada gördükləri və cənab Prezidentin də dediyi kimi, dialoq aparmaq çox vacibdir.

"Mərakeş Media Tənzimləmə Qurumunun rəhbəri olaraq Şuşada olmaqdan çox məmnunam. Mən də daxil olmaqla 53 ölkədən gələn nümayəndə burada medianın sülh mədəniyyətini təşviq etməsi, həmçinin münaqişələrin qarşısının alınmasında faydalı ola biləcək ekosistemin və ictimai sferanın qurulmasındakı rolunu müzakirə edəcək", - o vurğulayıb.

Onun sözlərinə görə, media kollektiv təsəvvürün yaradılmasında əsas təməl daşı rolunu oynayır:

"Media insanların dünyanı görməsini təmin edən bir pəncərədir. İndi isə media və kommunikasiyanın bu rəqəmsal transformasiyası səbəbindən bu pəncərə bir əks-səda kamerasına çevrilib. Biz ehtiyatlı olmalıyıq. Biz öz ölkələrimizdə etikanın, sosial məsuliyyətin olduğu ekosistemlər qurmalıyıq. Bu Şuşa Forumu medianın münaqişələri qızışdırmaq üçün bir alətə çevrilə bilməyəcəyini millətlər birliyinin dərk etməsi üçün ümumi və paylaşılan dəyərlərin, ortaq prinsiplərin həqiqətən qurulmasında iştirak edir".

L. Axarbax rəqəmsal medianın qütbləşməyə və nifrət nitqinə cəlb olunmasını bütün ölkələr üçün ən böyük risklərdən biri adlandırıb:

"Şuşa konfransı bizə birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, həmçinin sosial məsuliyyətə, kollektiv dəyərlərə hörmətə və ayıqlığa əsaslanan media sistemlərini inkişaf etdirmək üçün tənqidi təfəkkürümüzü genişləndirmək imkanı yaradır. Cəmiyyətlərimizin etik vasitəçiliyə, sülhə və dinləmə mədəniyyətinə ehtiyacı var. İnanıram ki, media və jurnalistlər cəmiyyətə yaxın fəaliyyət göstərərək, hər bir icmanın səsini eşitdirməklə sülhə töhfə verə bilərlər. Hazırda ictimai diskursu əslində tənzimləyici rolunu öz üzərinə götürmüş özəl qlobal rəqəmsal platformalar idarə edir ki, bu da normal yanaşma deyil. Biz beynəlxalq səviyyədə bu platformaların fəaliyyətinin qlobal idarəçilik mexanizmini qurmalı və eyni zamanda söz azadlığını qorumalıyıq. Mərakeş olaraq hesab edirik ki, azad bazar və ifadə azadlığı toxunulmazdır, lakin vətəndaşların etik və azad informasiya əldə etmək hüquqlarını qorumağın yollarını da tapmalıyıq".