BAKI, 10 iyun. TELEQRAF

“Uşaqların qorunması məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi prosesi həyata keçirilir. Bu proses dünyanın bir çox ölkəsində davam edir. Hazırda 40-dan çox ölkədə analoji təşəbbüslər müzakirə olunur və tətbiq edilir”.

Teleqraf xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsi”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihəsinin ictimai müzakirəsində bildirib.

O vurğulayıb ki, Avstraliya bu sahədə ilk addım atan ölkələrdən biridir və burada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq olunub: “Digər ölkələr də mərhələli şəkildə bu istiqamətdə tədbirlər görməyə çalışırlar.

Bu təşəbbüs Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq hazırlanıb. Qanunvericilik aktı bu sərəncama uyğun olaraq hazırlanıb.

Sərəncamda media, valideynlər və müəllimlərin uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin həyata keçirməsinin vacibliyi vurğulanır”.

Elmir Vəlizadə qeyd edib ki, sosial şəbəkələrin əsas qayəsi istifadəçiləri özünə cəlb etmək, onları bu platformalarda daha çox saxlamaq və reklamlar vasitəsi ilə qazanc əldə etməkdir: "Statistik məlumata görə uşaqlar 2-4 saat sosial şəbəkədən ayrılmırlar. Nəticədə oturaq həyat tərzinə uyğunlaşırlar. Psixoloji gərginlik əmələ gəlir. Sosial şəbəkələrin təsirinə ən çox qızlar məruz qalır, dəbdəbəli həyat tərzi uşaqlara təsir edir.
Atılan addımların müəyyən əsasları var. Bu sahədə birlikdə çalışmalıyıq".