BAKI, 10 iyun. TELEQRAF
"Rəqəmsal mühit uşaqların psixologiyasına birbaşa və fundamental təsir göstərir. Statistik tədqiqatlar bu reallığı ortaya qoyur. Uşaq yaşlarında yaranan rəqəmsal asılılıq yetkinlik dövründə də öz təsirini göstərir”
Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, qanun beynəlxalq standartlara cavab verir: "Bu yanaşma uşaqları zərərli təsirlərdən qoruyur. Atılan bu addım informasiya mühitinin sağlamlaşmasına mühüm töhfə verir”.
Əhməd İsmayılov deyib ki, bu qanun layihəsi rəqəmsal dünyanın mövcud problemlərindən qorunma baxımından mühüm əhəmiyyət daşıyır: "Təklif olunan dəyişikliklər etik normalara, milli maraqlara və qabaqcıl beynəlxalq hüquq standartlarına tam uyğundur. Bu addım milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək. Qanun layihəsinin hazırlanması və tətbiqi zamanı dövlət orqanları bu məsələyə ciddi diqqət yetirməlidirlər".