BAKI, 19 fevral. TELEQRAF
Xalq yazıçısı Çingiz Abdullayev mərhum qırğız yazıçısı Çingiz Aytmatovla bağlı aparılan təhqir kampaniyasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, Ç.Abdullayev sosial şəbəkədə bu sözləri yazıb: "Hazırda böyük yazıçı Çingiz Aytmatova qarşı təhqir xarakterli hücumlar edilir. Hətta məsələ o yerə çatıb ki, bacısı qardaşının yubileyinin qeyd olunmamasını, ayrılan vəsaitin ehtiyacı olanlara verilməsini xahiş edib. Aslanlar gedəndə çaqqallar sevincdən ulayır. Lakin bu cəhdlər nəticəsiz qalacaq. O, Qırğız xalqının fəxri, Türk dünyasının və bütün bəşəriyyətin qüruru olub və olaraq qalacaq. Bəziləri onun əsərlərini rus dilində yazmasını, Avropada səfir işləməsini irad tutur, guya bunu nöqsan kimi təqdim edirlər. Halbuki bu dünyada söz və fikir gücünə dəyər verən hər kəs ona hörmət və ehtiram göstərib.O, bizim ortaq mənəvi sərvətimizdir. Mən onu dəfələrlə görmüşəm. Onun abidəsi Bakıda ucaldılıb".
Yazıçı 1980–1990-cı illərin əvvəllərində Nazim Hikmətə qarşı aparılan kampaniyanı xatırladaraq qeyd edib: "Bu gün onun abidəsi İstanbulda ucalır və xalqımız böyük dostun xatirəsini ehtiramla yad edir. Zaman hər şeyi yerbəyer edir. Qızıl paslanmaz".