BAKI, 19 noyabr. TELEQRAF

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının birgə layihəsi çərçivəsində Ankarada dahi Azərbaycan şairi və Türk dünası mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ankara Dövlət Konservatoriyasının Beytepe şəhərciyindəki Böyük Konsert salonunda keçirilən tədbirdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyası Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında təqdim olunub. Orkestrə professor, Ankara Dövlət Konservatoriyasının müdiri Burak Tüzün dirijorluq edib.

Konsert proqramında mədəniyyət sahəsinin, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinin, musiqisevər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə bəstələnmiş “Nizami” simfoniyası Fikrət Əmirovun görkəmli əsərlərindən biri olmaqla Azərbaycan professional musiqi sənətinin dəyərli nümunələrindəndir.