BAKI, 20 yanvar. TELEQRAF

Bakı Mühəndislik Universitetinin dosenti Yasin Xəlilovun "Nurdan zərrəyə: varlıq, şüur və həyatın informasiya modeli" adlı kitabı çapdan çıxıb.

Teleqraf xəbər verir ki, müəllifin bu monoqrafiyası insanlığın ən dərin suallarından olan "Varlığın mahiyyəti nədir?" sualına müasir elmin ən qabaqcıl sahələri ilə qədim irfan ənənələrini sintez edərək cavab axtarır.

Bu çoxbölməli tədqiqat əsəri varlığın başlanğıcı, şüurun təbiəti və mənanın yaranması kimi fundamental problemləri elm–irfan–qeyri-səlis məntiq üçbucağında yenidən düşünməyə yönəlmiş transdisiplinar bir konseptual layihədir.

Əsərin aparıcı iddiası ondan ibarətdir ki, müxtəlif epistemoloji dillər (metafizik, dini, poetik və elmi) eyni reallığın müxtəlif qatlarını ifadə edir. Buna görə də “ziddiyyət” kimi görünən çoxluq əslində tərcümə problemidir.

Monoqrafiya elm, fəlsəfə və din arasında dialoq qurmaq uğrunda bir addımdır. Bu əsər kvant mexanikası, kvant informasiya nəzəriyyəsi ilə məşğul olan fiziklər, eləcə də fəlsəfə, metafizika, Şərq fəlsəfəsini araşdıran teoloqlar, şüurun təbiəti, qeyri-adi psixologiya, transpersonal psixologiya sahəsində tədqiqat aparan mütəxəssislər üçün qiymətli mənbə ola bilər.