BAKI, 20 yanvar. TELEQRAF
"Paparatsilərin kralı” kimi tanınan italiyalı fotoqraf Rino Barillari ilə fransız aktyor Jerar Depardye aralarındakı məhkəmə çəkişməsinə son qoyaraq qarşılıqlı iddialardan imtina ediblər.
Teleqraf xəbər verir ki, bu barədə ANSA agentliyi xəbər yayıb. Bildirilib ki, tərəflər Romada Veneto küçəsində yerləşən restoranda görüşüb və barışıqlarını qucaqlaşaraq təsdiqləyiblər.
Məlumata əsasən, məhz həmin restoranda 2024-cü ilin mayında Barillari ilə Jerar Depardye arasında dava baş verib. Hadisədən sonra tərəflər polisə müraciət edib, aktyorun İtaliyada fotoqrafı döyməsi ilə bağlı məhkəmə prosesi gözlənilirdi. Eyni zamanda, Depardyeyə qarşı onun yol yoldaşı Maqda Vavrusova da iddia qaldırmışdı. O, paparatsinin aktyoru və özünü razılıqları olmadan lentə aldığını bildirmişdi.
ANSA Barillarinin sözlərini sitat gətirir: “Biz barışdıq, 1960-cı illərin uşaqları kimi qucaqlaşdıq. O üzr istədiyi üçün mən şikayətimi geri götürdüm”. Depardyeyin vəkili də bütün mübahisəli məsələlərin tam həll edildiyini təsdiqləyib.
Qeyd edək ki, sərt xarakteri ilə tanınan Jerar Depardye hazırda bir neçə məhkəmə işində, o cümlədən cinsi təcavüz iddiaları ilə bağlı istintaqlarda fiqurantdır.
80 yaşlı Rino Barillari isə İtaliya fotoreportaj tarixinin ən tanınmış simalarından biridir. O, kino və estrada ulduzlarının gizli çəkilişləri ilə yanaşı, Roma Papası II İohann Pavelə sui-qəsd, Pol Gettinin varisinin oğurlanması, “Qırmızı briqadalar” və 1970-ci illərdə İtaliyanı sarsıdan mafiya terror aktları ilə bağlı tarixi kadrların müəllifidir. Keçən yay Barillari Moskvada Multimediya İncəsənət Muzeyində keçirilən sərgidə də iştirak edib.
ANSA xatırladır ki, 60 illik karyerası ərzində Barillari yüzlərlə dəfə xəsarət alıb: 200 dəfə tibbi yardım göstərilib, 11 dəfə qabırğaları sınıb, bir dəfə bıçaqlanıb və 76 fotoaparatı sıradan çıxarılıb.