BAKI, 6 yanvar. TELEQRAF

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara Özəl YÜCE Məktəbləri ilə Azərbaycan mədəniyyəti, tarixi və dilinin təbliği məqsədi ilə ortaq layihə həyata keçirilir.

Bu barədə Teleqraf-a Azərbaycan Mədəniyyət Məktəbindən məlumat verilib.

Ankara YÜCE məktəblərində yanvar tematik ayı qardaş Azərbaycana həsr edilib, “Qafqazların incisi - qardaş ölkə Azərbaycan” adlandırılıb.

Bununla bağlı Ankara Özəl YÜCE Məktəblərinin rəsmi səhifəsində paylaşım edilib.

Tematik ay zamanı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məktəblərdə bir aylıq milli mədəniyyətimiz və incəsənətimizi özündə əks etdirən “Azərbaycan stendi” təşkil olunacaq, Azərbaycan haqqında dərslər, müsabiqələr, viktorinalar, video təqdimatlar, sənədli film və bədii film nümayişləri, rəsm və foto sərginin təşkili, məktəbin kitabxanası üçün Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması, Azərbaycan nağıllarını təbliğ etmək üçün "Masal-Masal Türkiyə: Türk Dünyası, Azərbaycan" mobil telefonlar üçün onlayn tətbiq proqramının təqdimatı, Azərbaycan milli rəqslərindən ibarət konsert proqramının təşkili nəzərdə tutulub.

Məktəblilər bu ayda Qafqazın incisi Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, möhtəşəm abidələri, memarlığı, əsrarəngiz turizm imkanları, habelə müstəqil Azərbaycanın qazandığı böyük nailiyyətlərlə tanış olmaq imkânı əldə edəcəklər.