BAKI, 4 yanvar. TELEQRAF
Rusiyalı aktyor, ssenarist və rejissor Andrey Xoroşev Suxumidə isti mənbədə bir nəfəri xilas etməyə çalışarkən dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a açıqlamasında prodüser Sergey Çliyants məlumat verib. Onun sözlərinə görə, hadisə Suxumidə yerləşən isti su mənbəsində baş verib.
“İsti mənbədə bir nəfərin halı pisləşmişdi. Andrey onu xilas etmək üçün suya tullanıb”, - deyə prodüser bildirib.
Hazırda aktyorun ölümünün dəqiq səbəbi məlum deyil. Bildirilir ki, tibbi ekspertizanın rəsmi rəyi hələ açıqlanmayıb. Dəfn mərasiminin keçiriləcəyi yer dəqiqləşdirilir.
Qeyd edək ki, Andrey Xoroşev yanvarın 1-də, 66 yaşında vəfat edib. O, “Boyeç”, “Admiral”, “Doktor Jivaqo” və digər ekran işlərindəki rolları ilə tamaşaçıların yaddaşında qalıb. Xoroşev eyni zamanda quruluşçu-rəssam kimi də fəaliyyət göstərib.