BAKI, 30 dekabr. TELEQRAF
Şair İlham Qəhrəman Sabunçu Rayon Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) iddiası üzrə çıxarılan qərardan apellyasiya şikayəti verib.
Bu barədə Teleqraf-a danışan İlham Qəhrəman qeyd edib ki, apellyasiya şikayətinə yanvarın 19-da baxılacaq.
"Bakı Apellyasiya Məhkəməsində Elşən Kazımovun sədrliyi ilə apellyasiya iclası keçiriləcək", - deyə şair əlavə edib.
Qeyd edək ki, bu il oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.
Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.
Şair "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmişdi.
İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət edib.
Xatırladaq ki, bu il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.
Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib.