BAKI, 27 dekabr. TELEQRAF

Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi haqqında 400-dən çox kitab hədiyyə edilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən "Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində həyata keçirilib.

Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasında keçirilən tədbirdə Azərbaycan səfirliyinin, Mədəniyyət Mərkəzinin nümayəndələri, yerli azərbaycanlılar, müəllimlər və tələbələr iştirak edib.

Öncə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinə bağışlanan nəşrlərdən ibarət sərginin açılışı olub.

Universitetin rektoru professor Erhan Özden çıxışında Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədi ilə həyata keçirdiyi layihələr barədə söz açıb, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həm ana dilimizdə, həm də Türkiyə Türkçəsində Azərbaycan haqqında nəşrlərin Türkiyənin aparıcı kitabxanalarına, universitet kitabxanalarına hədiyyə edildiyini bildirib.

Azərbaycan xalq artisti Cahangir Novruzov ölkəmizin tanınması və milli mədəniyyətimizin təbliği üçün bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

Sərgiyə baxış keçirilib, iştirakçılar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, dövlətçiliyi və tarixi ilə bağlı nəşrlərlə tanış olublar.