BAKI, 19 dekabr. TELEQRAF

Nizami Kino Mərkəzində "ANEWZ" beynəlxalq xəbər və analitika kanalı “ANEWZ Investigations” adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanan “The Oligarch’s Design” sənədli filminin premyerası baş tutub.

Teleqraf xəbər verir ki, "AnewZ" beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev bildirib ki, bu layihə yalnız sənədli film deyil, eyni zamanda araşdırma platformasının başlanğıcıdır: "Film 11 ay ərzində istehsal prosesi keçib. Sənədli film beynəlxalq jurnalistikanın araşdırmasına əsaslanır.
Burada humanist fəaliyyət adı altında siyasi təsir gücünün nümayişi kimi məqamlara toxunulub.
Biz Ruben Vardanyanın fəaliyyətinə fərqli istiqamətdən baxış təqdim edirik. Burada beynəlxalq institutların da təhlili yer alır. Çalışmışıq ki, material qərəzli olmasın. Ruben Vardanyanın müsbət tərəflərini vurğulayan şəxslərin fikirlərinə də yer vermişik.

Çəkilişlər 8 ölkədə aparılıb, o cümlədən Ermənistanda. Ruben Vardanyanın yaxın çevrəsinə aid şəxslərin fikirləri də sənədli filmdə əks olunub. Ermənistandan üç müsahibimiz çəkilib.
Sənədli filmdə 100-ə yaxın insan iştirak edib".

Qeyd edək ki, sənədli film açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyini üzə çıxaran “Troika Laundromat” maliyyə şəbəkəsi ilə bağlı beynəlxalq araşdırmalara əsaslanır.

Filmin faktoloji bazası nüfuzlu beynəlxalq tədqiqat təşkilatları tərəfindən dərc edilmiş materiallar üzərində qurulub.