BAKI, 17 dekabr. TELEQRAF

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva qalmaqala səbəb olan müəllifi olduğu “Məhsəti” qısametrajlı filmi ilə bağlı fikirlərinə görə üzr istəyib.

Teleqraf xəbər verir ki, o, bu barədə özünün instaqram hesabında paylaşım edib:

“Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi.

Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm.

Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.

Qeyd edək ki, Suad Qarayeva daha öncə rejissor və ssenari müəllifi olduğu "Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə Mədəniyyət Nazirliyi nəzdindəki Bədii Şura qadağa qoyduğunu bildirmişdi. Rejissor qoyulan qadağanı qəbul etmədiyini açıqlamışdı.