BAKI, 10 dekabr. TELEQRAF
Ankarada TÜRKSOY və Türkiyə Azərbaycan Dostluq İş birliyi və Dayanışma Vəkfinin (TADİV) təşkilatçılığı ilə “Türk dünyası siyasətində birləşdirici ünsür olaraq ədəbiyyatın rolu" adlı tədbir keçirilib.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
TADİV rəhbəri Aygün Attar bildirib ki, Türk dünyası arasında birlik və həmrəylik, ədəbiyyat köklərinin Türk xalqlarının ortaq tarixindən, mənəvi dünyasından və zəngin folklor ənənələrindən alıb, həm milli, həm də ümumtürk mədəniyyətinin inkişafında mühüm rol oynayır.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər bir xalqın ruhunu və mədəni kimliyini əks etdirən ədəbiyyatın milli yaddaşın daşıyıcısı olduğunu vurğulayıb.
Samir Abbasov Azərbaycan klassik irsinin Türk mədəniyyətinin zənginləndirməklə yanaşı, mədəni birliyimizin güclənməsinə, humanizm, ədalət, sevgi və mənəviyyat kimi ali ideyaların formalaşmasına güclü təsir göstərdiyini qeyd edib. O, Azərbaycanda dövlət səviyyəsində ədəbiyyata böyük qayğı olduğunu, görkəmli simalarımızın zəngin irsinin təbliği məqsədi ilə 2019-cu ildə ölkədə “Nəsimi ili”, 2021-ci ildə isə “Nizami Gəncəvi ili” elan olunduğunu bildirib.
“Kitabi-Dədə Qorqud” kimi bəşəri dəyərə malik dastanlardan başlayaraq Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzaləddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilərin möhtəşəm yaradıcılığı ilə zirvəyə yüksələn ədəbiyyatımız yalnız Azərbaycan deyil, bütün Türk-Şərq ədəbiyyatının iftixarına çevrildiyini bildirən Samir Abbasov məruzəsində Türk dünyasında mədəni körpü olan ədəbiyyatımızla bağlı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr barədə məlumat verib.
Giresun Universitetinin professoru Hatem Türk hər bir xalqın dünyada mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə tanındığını vurğulayıb.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər Azərbaycana dair Türkiyə Türkçəsinə tərcümə olunan nəşrlər Giresun Universiteti Kitabxanasına hədiyyə edilib.