BAKI, 10 dekabr. TELEQRAF

Misirin İskəndəriyyə sahillərində aparılan sualtı arxeoloji qazıntılar zamanı eramızın I əsrinə aid nadir əyləncə gəmisi aşkar edilib. Tapıntı qədim yunan tarixçisi Strabonun təsvirlərinə tam uyğun gəlməsi ilə böyük maraq doğurub.

Teleqraf xəbər verir ki, 35 metr uzunluğa malik qədim lüks gəmi Avropanın Sualtı Arxeologiya İnstitutu (IEASM) tərəfindən, layihə rəhbəri, Oksford Universitetinin dəvətli professoru Frank Qodionun başçılığı ilə müəyyən edilib.

Strabon eramızdan əvvəl 29–25-ci illərdə İskəndəriyyəni ziyarət edərkən kral ailəsinin istifadə etdiyi, lüks pavilyonlu əyləncə gəmilərindən yazmışdı. Onun qeydlərinə görə, bu gəmilər musiqi, rəqs və ziyafətlə dolu səs-küylü çay səfərləri üçün istifadə olunurdu.

Gəmi qədim İskəndəriyyənin Portus Magnus limanına aid batmış Antirhodos adasının yaxınlığında, cəmi 7 metr dərinlikdə və 1,5 metr lil təbəqəsinin altında aşkar olunub.

Gəmiyə aid yaxşı qorunmuş taxtaların eni 7 metrə çatır. Onun 20-dən çox qayıqçı tərəfindən idarə olunduğu ehtimal edilir.

Tapıntı İsis məbədinin yaxınlığında aşkarlanıb. Qoddiou ehtimal edir ki, gəmi eramızın 50-ci ilində məbədin dağıntısı zamanı suya qərq olub. Qədim İskəndəriyyə bir neçə güclü zəlzələ və sunami nəticəsində qismən su altında qalıb.

Gəminin gövdəsində qədim yunan dilində yazılmış qrafitlər aşkarlanıb və hazırda tədqiq olunur. Oksford Sualtı Arxeologiyası Mərkəzinin direktoru, professor Demian Robinson tapıntını belə qiymətləndirib: “Bu tip gəmi arxeologiyada ilk dəfədir qeydə alınır. Qədim mətnlərdə və sənətdə görürdük, amma real nümunəsi mövcud deyildi”.

UNESCO qaydalarına əsasən, gəmi çıxarılmayacaq və olduğu yerdə qorunacaq.