BAKI, 6 dekabr. TELEQRAF
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə beynəlxalq səviyyədə keçirilən HAK-İŞ 14-cü Beynəlxalq Qısametrajlı Film Müsabiqəsinin mükafatları təqdim edilib.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
14-cü Beynəlxalq Qısametrajlı Film Müsabiqəsində mükafata layiq görülənlər arasında azərbaycanlı sənətçilər də yer alıb.
Mərasimdə dövlət, özəl sektor təmsilçiləri, Həmkarlar İttifaqı nümayəndələri, siyasətçilər, QHT rəhbərləri, elm-mədəniyyət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.
Hak İş Konfederasiyasının rəhbəri Mahmut Arslan mədəniyyət və incəsənət fəaliyyətlərinin birlik hərəkatına yeni baxış gətirdiyini və qısametrajlı film müsabiqəsinin bu yanaşmanın mühüm tərkib hissəsi olduğunu bildirib.
Bu il müsabiqəyə 118 ölkədən 4106 film prodüseri və rejissor qatılıb.
Müsabiqədə Türkiyə, Azərbaycan, İran, Hindistan, Braziliya, Çin, Almaniya, Fransa, İspaniya və Rusiyadan filmlər iştirak edib.
Beynəlxalq kateqoriyada birinci mükafatı "Kod Qırmızı" filmi ilə İrandan Mınu Taheri, ikinci mükafatı "Yarım Polad" filmi ilə Azərbaycandan Cavid Səmədov, üçüncü mükafatı "Hədiyyə Sənəti" filmi ilə İndoneziyadan Mikael Kutyure, "Nəcazibədarlar" filmi ilə Fransadan Zuhair Necati Çelik Xüsusi Mükafatına layiq görülüb.
Azərbaycanlı qazi, Qarabağ müharibəsində iki ayağını itirən, protez ayaqlarla həyat eşqi və nailiyyətlərini davam etdirən, atası Birinci Qarabağ müharibəsində şəhid olmuş, zabit Polad Rzayevə həsr olunan qısametrajlı film nümayiş etdirilib.
Mərasimin digər nominasiyası üzrə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova "Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müsabiqə qaliblərini təbrik edib, istedadların üzə çıxarılmasında bu cür tədbirlərin töhfəsini yüksək qiymətləndirib.