BAKI, 20 fevral. TELEQRAF

"İki gündür, sənət dostlarım evimə gəlirlər, mənə təbriklərini çatdırırlar. Onlara diqqətləri üçün təşəkkür edirəm. Zəng edən dostlarım da çoxdur".

Bu sözləri Teleqraf-a açıqlamasında bu gün 87 yaşını qeyd edən Xalq artisti Arif Babayev doğum günü təəssüratlarını bölüşərkən deyib.

"87 yaşımda özümə arzu edirəm ki, sağlam olum, balalarımın xeyir işlərini görüm. Dostlarımın, millətimin xoşbəxt günlərinə şahid olum. Səhhətim yaxşıdır. Hava normal olan kimi Ağdama gedəcəm. Doğulduğum məkana getmək istəyirəm".

Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının sabiq müdiridir. “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb.

Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib.