.jpg)
BAKI, 14 fevral. TELEQRAF
Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş "Bir Elin Manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsinə start verilməsi ilə əlaqədar Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.
Teleqraf xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycanla bağlı aparılan işlər həm daxili, həm xarici istiqamətdə geniş vüsət alıb. O, Qərbi Azərbaycanda soydaşlarımızın başlarına gətirilən müsibətlər, dağıdılan maddi – mədəni irsimiz, geri qayıdış hüququ ilə bağlı məsələlərin geniş yayılması ilə bağlı aparılan işlərə dəstək məqsədilə, sözügedən müsabiqənin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, müsabiqənin ideya müəllifi Məlahət İbrahimqızı bildirib ki, “Bir Elin Manifesti” mövzusunda hekayə müsabiqəsi Qərbi Azərbaycanla bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına dəstək məqsədilə İcmanın Qadınlar Şurası tərəfindən təklif edilib. O qeyd edib ki, mövzu üzrə yazılacaq hekayələrin motiv və süjetləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən cinayətlər, deportasiya, etnik təmizləmələr və onların yaddaşlarında qalan vətən, yurd xatirələri olmalıdır.
İcmanın Qadınlar Şurasının sədri vurğulayıb ki, müsabiqənin yekun nəticələrinin dekabr ayının son on günündə açıqlanması nəzərdə tutulur.
Müsabiqənin təşkilatçısı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, tərəfdaşları isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat” qəzeti və “Modern.az” İnformasiya Agentliyidir.
Müsabiqənin şərtlərinə əsasən hekayələr avqustun 15-nə kimi qəbul olunacaq. Müsabiqədə iştirak etmək üçün yaş həddi 18-dən yuxarıdır. Təqdim edilən hekayə heç bir mətbuat orqanında çap olunmamış olmalıdır. Müsabiqənin icra olunma müddətində təqdim edilmiş hekayələr “Ədəbiyyat qəzeti” və “Modern.az” saytında dərc olunacaq. Müsabiqəyə təqdim olunan əsərlər tanınmış ekspertlər tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək. Müsabiqə nəticəsində 10 hekayənin müəllifi müsabiqənin qalibi elan olunacaq və onlara pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, birinci yer üzrə 1 nəfər - 2000 manat, ikinci yer üzrə 2 nəfər - 1500 manat, üçüncü yer üzrə 3 nəfər - 1000 manat olaraq müəyyənləşdirilməklə daha 4 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək. Müsabiqənin qalibi olacaq hekayələr ingilis dilinə də tərcümə edilərək, nəşr olunacaq.
Hekayələr “Bir Elin Manifesti” başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.