
BAKI, 15 fevral. TELEQRAF
"Uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bu məsələdə dövlətimizin təhsil və kino siyasətini həyata keçirən aidiyyəti qurumların birgə işinin təşkil edilməsi məqsədilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti “Uşaq kinosunun inkişafı” Dövlət Proqramının qəbul edilməsini vacib sayır”.
Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Kinematoqrafçılar İttifaqın (AKİ) sədri, Xalq artisti Rasim Balayevin uşaq kinosunun durumu ilə bağlı Baş nazir Əli Əsədova ünvanladığı müraciət yer alır.
AKİ sədri Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentləri sadalayaraq, uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılmasını, animasiya filmlərinin istehsalının dəstəklənməsini təklif edir:
“Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir. Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, uşaq kinosunun, bu mövzuda film və animasiya filmlərinin yox dərəcədə olması ciddi təhlükəyə çevrilib, ana dilində uşaq filmlərsiz nəsil yetişib. Bu istiqamətdə ciddi addımlar atılmasa, gənclər əcnəbi məhsullardan asılı vəziyyətə düşəcəklər.
Bu vəziyyətin ağırlığı məhz Dövlət Proqramının qəbulunu vacib edir.