BAKI, 16 fevral. TELEQRAF

Bu il Azərbaycan 75-ci Berlin Film Festivalı (Berlinale) çərçivəsində keçirilən Avropa Film Marketində iştirak edir.

Teleqraf-ın əldə etdiyi məlumata görə dünyanın aparıcı film platformasında ölkəmizi Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, prodüser, rejissor İlqar Nəcəf, “Azərbaycan Atabəyləri” sənədli-bədii filmin ssenari müəllifi İlqar Mehdi və digərləri təmsil edir.

Avropa Film Marketi (EFM) kino sənayesinin bütün qütblərini bir araya gətirir, belə ki, yeni istedadların üzə çıxmasına töhfə verir, film və serialların, habelə sənədli filmlərin, digər audiovizual məhsulların alqı-satqısına, lisenziyalaşdırılmasına şərait yaradır.

Səfər müddətində Azərbaycanla Gürcüstan və Moldovanın kino mərkəzləri arasında əməkdaşlıq memorandumu imzalanacaq.

Həmçinin ARKA rəhbərliyi ilə "Eurimages" platformasının icraçı direktoru Syuzan Nyuman Boudun görüşü nəzərdə tutulur.

Xatırladaq ki, dünyanın tanınmış festivallarından olan Berlin Beynəlxalq Film Festivalı 13-23 fevral tarixlərində keçirilir. Avropa Film Marketi isə öz işini fevralın 19-da yekunlaşdıracaq.