BAKI, 17 fevral. TELEQRAF

12:57

İctimai televiziyada yayımlanan "Əqrəb mövsümü: İki dünya bir olsa da” serialının rejissoru Emil Quliyev Vəkillər Kollegiyasının açıqlamasına münasibət bildirib.

O, Teleqraf-a açıqlamasında Vəkillər Kollegiyasınının mövqeyini absurd adlandırıb: "Bu haqda fikir bildirmək istəmirdim. Axı bu, absurddur, gülməlidir. Belə çıxır ki, heç nə çəkməyək, heç kimə heç bir söz deməyək. İnciyərlər!..

Serialda kiminsə haqqında konkret fərd olaraq fikir bildirilməyib. Biz "vəkildən-zaddan işləsin" ifadəsini bütün vəkillərə aid etməmişik. İfadə məqsədyönlü işlədilməyib.

Qadının hüquqlarını müdafiə edən vəkil, ümumiyyətlə, Vəkillər Kollegiyasına ləkə gətirən, pis vəkil ola bilməz?! Vətəndaşın etibarından sui-istifadə edib, məsələyə laqeyd yanaşıb və qadın pis vəziyyətə düşüb. Cəmiyyətimizdə elə vəkillər yoxdur?.. Var! Onda daha heç bir peşə, sənət təmsilçisini ekrana gətirməyək, heç bir hadisəni çəkməyək. İki gündür haqqımda yazırlar, xoşagəlməz sözlər bildirirlər, videolar çəkirlər. Anlamalıdırlar ki, bu, kinodur.

Əziyyət çək, bu qədər işlə və belə reaksiya göstərsinlər. Filankəsə filan söz deyildi və sair. Uzağa getməyək, qonşu ölkələrin filmlərində nələr baş verir. Mənə desəydilər ki, "rejissordan-zaddan işlə", bunu aşağılayıcı söz kimi qəbul etməzdim. İnsanın beynində o fikir formalaşmamalıdır. Belə absurd iddiaların səsləndiyi şəraitdə nə edək, film çəkməyək?.. ".

***

"Əqrəb mövsümü: İki dünya bir olsa da” serialının ssenar müəllifi və baş rol ifaçısı, aktyor Azər Aydəmirov da vəkillərə cavab verib:

"Hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür. Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin “düzplanetçilərə” qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir.

Hörmətli vəkillərimizin “Əqrəb mövsümü: İki dünya bir olsa da” serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə “alət edilməsi” düşüncələrini irəli sürməsi, hörmətli vəkillərimizin “konspirologiya”ya inanmasına dəlalət edir. Bu, da çox xoşagəlməz işdir. Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir.

Müstəqillik “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor”, “namussuz ssenaristlər” və sair var. Sadəcə qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb, ortaya çıxarır və ədalət öz hökmünü oxuyur. Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var. Və şükürlər olsun ki, onlar çoxluq təşkil edir! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir.

Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Axı, siz hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz.

Möcüzə adı verilən kinoda bunlar bilirsinizmi niyə baş verir? Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir. İnsan faktoru da hər zaman sovet propaqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir kino adında Ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, bədii aynadır. Kinodur yəni...

Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!"

Qeyd edək ki, Vəkillər Kollegiyası İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü: İki dünya bir olsa da" serialında vəkil obrazının aşağılanması ilə bağlı açıqlama yayıb. Açıqlamada "vəkildən-zaddan işləsin" və “oğraş vəkil” ifadələrini narazılıqla qarşılanıb. Qurum “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci və 39.1.3-cü maddələrinin tələblərinin pozulduğunu qeyd edib.