BAKI, 20 noyabr. TELEQRAF
“Ermənistan hər dəfə özünə “xilaskar” axtaranda, onu tapıb arxasınca gedəndə daha böyük itkilərlə üzləşib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan prezidentinin keçmiş müşaviri Jirayr Liparityan Rusiya ilə ölkəsi arasındakı münasibətləri şərh edərkən deyib.
“Hər dəfə kiminsə arxasınca gedib onu “qarant” və ya “xilaskar” hesab etmişik və nəticədə itkilər vermişik. 2020-ci il müharibəsində bizim “qarantımız” (Rusiya), yaxud Qərb, ABŞ nə etdi? Bizim müttəfiqimiz özümüzük. Qonşu ölkələrlə problemləri birbaşa danışıqlar yolu ilə həll etmək lazımdır”, - o bildirib.
Liparityanın sözlərinə görə, Ermənistanın bütün siyasi mədəniyyəti kiminsə gəlib onları xilas etməli olduğu düşüncəsi üzərində qurulub. O qeyd edib ki, Baş nazir Nikol Paşinyan bu tezisi qırmağa çalışır və bu yanaşma çoxları tərəfindən qəbul edilmir: “Siyasətimizi başqalarına təhvil verməməliyik”.
Jirayr Liparityanın fikrincə, uzun müddət xarici siyasətini Moskvaya təhvil verən İrəvan Ermənistanı fəlakətə sürükləyib: “Biz forpost olmamalıyıq”.
Ermənistan prezidentinin keçmiş müşaviri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına da diqqət çəkib: “Hamı Qarabağın “müstəqilliyinə” qarşı idi, biz də bu müddətdə bütün dünyanın əleyhinə getmişik”.
O əlavə edib ki, hazırda “Daşnaksütyun” nümayəndələri saxta vətənpərvərlik nümayiş etdirir və Ermənistanın yenidən müharibəyə başlaması üçün əllərindən gələni edirlər: “Bu, saxta vətənpərvərlikdir. “Daşnaksütyun” yenidən müharibəyə getməyimiz üçün hər şeyi edir. Amma bir anlıq düşünün, Azərbaycanla yenidən müharibə etsək, nə baş verər?. Xalq arasında türklərə qarşı düşmənçilik hissini də “Daşnaksütyun” formalaşdırıb. Onlara görə, türkdürsə, deməli, hər şey bitdi, danışmağa mövzu yoxdur”.
Jirayr Liparityan Azərbaycan və Türkiyə ilə birbaşa danışıqlar aparılmasının vacibliyini vurğulayıb: “Əgər onlarla danışıqlar aparmayacağıqsa, bəs kimlə aparacağıq?”
Keçmiş müşavirin sözlərinə görə, Rusiya hərbi bazasının Ermənistandan çıxarılacağı təqdirdə Türkiyənin ölkəyə hücum edəcəyi ilə bağlı iddialar da əsassızdır: “Görəsən, Samvel Karapetyan Türkiyənin Baş Qərargahında təmsil olunur ki, bazanın çıxacağı təqdirdə müdafiəsiz qalacağımızı və Türkiyənin hücum edəcəyini deyir?”.
Konstitusiya dəyişikliklərinə qarşı parlament müxalifətinin etirazlarına toxunan Liparityan hesab edir ki, onlar bu dəyişikliklərə qarşı çıxmaqla Ermənistanın başqa ölkənin (Rusiyanın) əlində alət olaraq qalmasını istəyirlər.