BAKI, 20 noyabr. TELEQRAF
İraq hökuməti Babil vilayətinin Curf əs-Səxr bölgəsində təhlükəsizlik üzrə yeni komandanlıq və idarəetmə qərargahı yaradıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, yeni qərargah noyabrın bu gün fəaliyyətə başlayıb və bölgədə yerləşən təhlükəsizlik qüvvələrinin komandanlığını öz üzərinə götürüb.
İran mediasının məlumatına görə, bu addım Bağdadla İranın dəstəklədiyi “Kətaib Hizbullah” terror təşkilatı arasında bölgəyə nəzarətlə bağlı yaranan fikir ayrılıqları fonunda atılıb.
İraq Silahlı Qüvvələrinin baş komandanının sözçüsü Sabah ən-Numan bildirib ki, yeni qərargah Federal Polis Komandanlığının tabeliyində fəaliyyət göstərəcək və ona Əhməd Hatim Həmid rəhbərlik edəcək.
Curf əs-Səxr 2014-cü ildən etibarən “Kətaib Hizbullah”ın nəzarəti altındadır. İraq hökuməti bölgədə neft qaçaqmalçılığı və neft kəmərlərinə müdaxilə ilə bağlı məlumatların yayılmasından sonra təhlükəsizlik qüvvələrinin yerləşdirilmə qaydasını dəyişdirmək qərarına gəlib.
“Kətaib Hizbullah” bundan əvvəl bölgəni tərk etməyə və silahlarını təhvil verməyə hazır olmadığını bəyan etmişdi. Bununla belə, məlumata görə, tərəflər dövlət qüvvələrinin bölgədə yerləşdirilməsi ilə bağlı razılığa gəliblər.
Xatırladaq ki, İraq Baş naziri Əli əz-Zeydi noyabrın 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri general İsmayıl Qəni ilə Bağddada keçirdiyi görüşündə neft qaçaqmalçılığında ittiham etdiyi “Kətaib Hizbullah”ın bölgədən çıxarılmasını tələb edib. Bundan sonra İraq Silahlı Qüvvələri baş nazirin əmri ilə yüksək hazırlıq vəziyyətinə gətirilib.