BAKI, 20 noyabr. TELEQRAF

“Rusiya Türkiyə ilə S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə mümkün təkrar ixracı məsələsi ilə bağlı hörmət və qarşılıqlı anlaşma əsasında sakit dialoq aparır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfiri Sergey Verşinin “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

“Türkiyəli dostlarımızla bu məsələ ətrafında çox hörmətli və sakit dialoq aparmağımız məni çox sevindirir. Bu, mənim siyasi mövqeyimdir”, - səfir Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satmaq qərarı verəcəyi təqdirdə Rusiyanın necə reaksiya verəcəyi ilə bağlı suala cavabında deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl S-400 sistemlərinin Türkiyədən dost ölkələrdən birinə verilməsi məsələsinin gündəmdə olduğunu və bununla bağlı müvafiq işlərin aparıldığını açıqlamışdı.

Türkiyə 2017-ci ildə Rusiyadan ümumi dəyəri 2,5 milyard dollar olan dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. Türkiyənin Rusiya ilə S-400 sistemlərinin alışı barədə müqavilə imzalamasından sonra Ankara ABŞ-nin F-35 qırıcılarının hazırlanması proqramından çıxarılıb.

“Hürriyet” qəzeti bundan əvvəl S-400 sistemlərinin Bəsrə körfəzi ölkələrindən birinə yenidən satıldığını yazıb. Ehtimal olunan alıcılar sırasında Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) adları çəkilib.