BAKI, 20 noyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hücumun başlamasına qərar verərsə, İsrail də bu əməliyyatda iştirak edəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter “Newsmax” telekanalına müsahibəsində deyib.

Diplomat hücumla bağlı yekun qərarın ABŞ Prezidentindən asılı olduğunu vurğulayıb: “Keçmişdə sizinlə çiyin-çiyinə vuruşmuşuq. Əgər o, yenidən hərbi əməliyyata başlamaq qərarına gəlsə, yenə ABŞ-nin yanında olacağıq”.

Leyter İranın kimyəvi və ya bioloji silah əldə etməsi ehtimalına da toxunaraq bunu İsrail üçün həyati təhlükə adlandırıb. O, Tehran belə silahlara sahib olacağı təqdirdə onları raket sistemlərinə yerləşdirə biləcəyi barədə xəbərdarlıq edib.

Səfir ABŞ və İsrail arasında hərbi əməkdaşlığın görünməmiş səviyyəyə çatdığını bildirib. Onun sözlərinə görə, birgə əməliyyatların planlaşdırılması ən yüksək səviyyədə və aylar öncədən həyata keçirilir.

İsrailin ABŞ-dəki səfiri həmçinin bəyan edib ki, Amerika hərbçiləri yalnız İran məğlub edildikdən sonra evlərinə qayıda bilərlər.

İranda hakimiyyətin devriləcəyini proqnozlaşdıran Yexiel Leyter belə bir dəyişikliyin Tehran tərəfindən dəstəklənən “Hizbullah”, “HƏMAS” və “Ənsarallah” terror təşkilatları da daxil olmaqla, Tehranın proksi qüvvələrinin zəifləməsinə gətirib çıxaracağını vurğulayıb.