BAKI, 20 noyabr. TELEQRAF
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə töhfə vermək, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, eyni zamanda xilasedici və yanğınsöndürənlərin peşə fəaliyyəti ilə bağlı biliklərini artırmaq olub.
Tədbirdə FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, bağçanın tərbiyəçi-müəllimləri və uşaqlar iştirak ediblər.
Tədbirdə uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib. Eləcə də uşaqların hüquqlarının müdafiəsi ilə yanaşı, onların təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd edilib.
Daha sonra tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları haqqında videoçarxlar nümayiş olunub, maarifləndirmə xarakterli təbliğat materialları və yaddaş kitabçaları paylanılıb.
Sonda bağçanın həyətində FHN-in yanğın-xilasetmə vasitələri təqdim olunub, uşaqların sualları cavablandırılıb.