BAKI, 31 oktyabr. TELEQRAF

ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyəti Prezident Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonda İrana qarşı hərbi əməliyyatların yenidən başlanması məsələsində ciddi fikir ayrılıqları mövcuddur.

Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset hərbi zərbələrin bərpasını dəstəkləyirlər. Vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşner isə Tehranla danışıqların davam etdirilməsinə üstünlük verirlər.

Administrasiyadakı mənbələrdən biri bildirib ki, respublikaçıların seçkilərdə məğlub olması Trampın genişmiqyaslı hərbi əməliyyatlara başlamaq qərarı verməsi ehtimalını artıra bilər.

Lakin Ağ Ev rəsmisi bu iddianı təkzib edərək seçkilərin nəticələrinin Prezidentin İranla bağlı qərarına təsir göstərməyəcəyini vurğulayıb.

“Axios” yazır ki, Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında birbaşa danışıqların bərpası istiqamətində müəyyən irəliləyiş əldə olunub. Növbəti diplomatik təmasların oktyabrın 31-də Dohada davam etdirilməsi gözlənilir.

“Reuters”in məlumatına görə, danışıqlar prosesi və Qətərin mövqeyi Vaşinqtonla razılaşdırılıb.

Bundan əvvəl “MS NOW” telekanalı ABŞ-ın noyabrın 3-də keçiriləcək seçkilərdən dərhal sonra İrana yenidən zərbələr endirə biləcəyini xəbər vermişdi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran döyüşlərin dayandırılmasına dair anlaşma memorandumu imzalasa da, iyulun 8-də ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanı pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

Sonradan Tramp administrasiyası hərbi əməliyyatları məhdudlaşdıraraq İrana qarşı iqtisadi sanksiyalar vasitəsilə təzyiq siyasətinə üstünlük verib.