BAKI, 31 oktyabr. TELEQRAF
Yaponiya hökuməti silah istehsalını iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Milli ictimai televiziya məlumat yayıb.
Bu konsepsiya Tokionun ilin sonuna qədər qəbul etmək niyyətində olduğu təhlükəsizlik məsələləri üzrə əsas sənədlərdə öz əksini tapacaq.
Məlumata görə, ölkənin yeni əsas müdafiə istehsalı strategiyası hazırlanacaq. Onu həyata keçirmək üçün büdcə ayırmalarını və özəl investisiyaları cəmləşdirməklə silah inkişafı və istehsalı sahəsində səyləri əlaqələndirəcək vahid bir strukturun yaradılması təklif olunur.
Vahid strukturun Müdafiə Nazirliyi ilə İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin səylərini birləşdirməklə yaradılması gözlənilir.
Kyodo Xəbər Agentliyinin məlumatına görə,qərarın 1 oktyabr 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılır.
Tokio keçmişdə hərbi sənayeyə aşağı səviyyədə investisiya qoyuluşu səbəbindən hazırda hərbi-sənaye kompleksində istehsal gücü çatışmazlığı ilə üzləşən ABŞ və Avropa Birliyindəki vəziyyətdən nəticə çıxarmağa çalışır.