BAKI, 12 noyabr. TELEQRAF
Elm adamları müəyyən ediblər ki, dəniz kirpilərinin bədəninə yayılmış, beynin funksiyalarına bənzər şəkildə işləyən olduqca mürəkkəb bir sinir sistemi var. Üstəlik, bioloqlar onların sinir sistemində onurğalıların beyni ilə heyrətamiz oxşarlıqları aşkar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Daily Galaxy” məlumat yayıb.
Berlin Təbiət Tarixi Muzeyindən (Almaniya) bioloq Cek Ulrix-Lüterin rəhbərlik etdiyi tədqiqat dəniz kirpiləri haqqında yeni və gözlənilməz faktları üzə çıxarıb. Məsələn, əksər heyvanlarda beyin və mərkəzi sinir sistemi baş hissədə yerləşdiyi halda, dəniz kirpilərində bu tipik quruluş müşahidə olunmur.
Alimlərin sözlərinə görə, dəniz kirpilərinin sürfə mərhələsində simmetriyası insanlara bənzər şəkildə ikitərəflidir. Amma yetişdikcə onların bədənində beşqat naxışa malik radial simmetriya formalaşır və bu quruluş bütün bədənə yayılır.
Tədqiqatçılar bildiriblər ki, dəniz kirpilərində “bütün bədənə yayılmış beyin” adlandırıla biləcək bir sistem var, bu, ənənəvi, mərkəzləşdirilmiş beyin deyil. Ən maraqlı kəşflərdən biri bu canlıların bədəninin müxtəlif hissələrində neyron müxtəlifliyinin olmasıdır. Elm adamları hesab edirlər ki, bu neyronların bir çoxu onurğalıların mərkəzi sinir sistemindəki genlərə oxşar genləri göstərir.
Tədqiqat zamanı həmçinin müəyyən edilib ki, onurğalılarda beynin fəaliyyətinə cavabdeh olan genlər dəniz kirpilərinin sinir sistemində də aktivdir. Bu, belə dəniz canlıları ilə daha tanış sinir quruluşuna malik heyvanlar arasında təkamül baxımından yaxınlaşmanı (konvergensiyanı) göstərir.
Ulrix-Lüter qeyd edib ki, bu hüceyrələr insan gözünün tor qişasındakı fotoreseptorlara çox bənzəyir. Həmçinin maraqlıdır ki, bu hüceyrələr bir neçə tip işıq reseptoruna malikdir, bu da dəniz kirpilərinin işığı qəbuletmə qabiliyyətinin elm adamlarının əvvəl düşündüyündən qat-qat mürəkkəb olduğunu göstərir.