BAKI, 17 noyabr. TELEQRAF
“Azərbaycanda hər bir sahədə olduğu kimi, dövlət qulluğu sahəsində də önəmli islahatlar həyata keçirilir. Bu islahatlar dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Yeni Dövlət Qulluğu Məcəlləsi də bu islahatların mühüm tərkib hissəsidir”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, məcəllə parlamentin oktyabrın 16-da keçirilən iclasında üçüncü oxunuşda qəbul olunub. Noyabrın 16-da isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunu imzalayıb.
Millət vəkili xatırladıb ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında dövlət idarəçiliyinin və qulluğunun təkmilləşdirilməsi istiqamətində Dövlət Qulluğu Məcəlləsinin hazırlanması əksini tapırdı. Məcəllə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarının vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur. Sənəd Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.
Samir Vəliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda xidmətləri əvəzsizdir. Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq nüfuzunu möhkəmləndirməsinin, mühüm regional aktora çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı islahatlar dayanır. Prezident İlham Əliyevin bu islahatları daha da genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Əminliklə söyləmək olar ki, ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin olunması üçün zəruri təsisatlar yaradılıb. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər görülüb, yeni idarəetmə orqanları yaradılıb. Bu orqanların dövlət quruculuğunda, ölkənin idarə olunmasında rolunu artırmaq, fəaliyyətini daha da səmərəli etmək üçün onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər olunur, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
“Bu baxımdan, yeni Dövlət Qulluğu Məcəlləsi də böyük əhəmiyyət kəsb edir. Sənəddə dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilib. Yeni sənəd dövlət qulluğu sahəsində hüquqi bazanı daha da gücləndirir” – deyə, deputat vurğulayıb.