BAKI, 18 aprel. TELEQRAF

ABŞ-nin zaman və məkanı bükmək qabiliyyətinə malik elmi texnologiyası (silah) var.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios deyib.

Texnologiya barədə təfərrüatlı danışmayan Kratsios amerikalıların tezliklə zaman və məkanı bükəcək yeni texnologiyaların kütləvi istehsalına fokuslana biləcəklərini söyləyib.

Elm adamlarına görə, zaman və məkanı idarə etmək üçün texnologiya hələ hazırlanmayıb. Amma Kratsiosun iddiası ABŞ-nin eksperimental səviyyədə naməlum layihələr üzərində işləməsi ilə bağlı fərziyyələri artırıb.

Sözügedən açıqlama Prezident Donald Trampın aprelin 9-da səsləndirdiyi müəmmalı fikirləri yenidən gündəmə gətirib.

“Bizim elə bir silahımız var ki, onun nə olduğunu heç kim bilmir. Bu, dünyanın ən güclü silahıdır”, - Amerika lideri bildirib.

Sosial media istifadəçiləri Kratsiosun sözlərini Trampın bəyanatı ilə əlaqələndirərək, “gizli silah”ın bu ola biləcəyini yazıblar.

Tramp administrasiyası 2019-cu ildə yaradılan ABŞ Kosmik Qüvvələrini gücləndirməklə kosmosda strateji üstünlüyü təmin etməyi hədəfləyib. Son bəyanatlar ABŞ-nin təkcə kosmosda yox, həm də zaman və məkan anlayışları üzərində işlədiyinə dair sui-qəsd nəzəriyyələrini gücləndirir. Analitiklərin fikrincə, bu cür bəyanatlar elmi mənadan çox siyasi-psixoloji təsir yaratmaq məqsədi daşıyan addımlar ola bilər.