BAKI, 14 noyabr. TELEQRAF
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanını və “Şərq-Qərb” neft kəmərinin nasos stansiyasını hədəf aldıqlarını iddia ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Al Masirah” husilərin bəyanatına istinadən məlumat yayıb.
Husilərin məlumatına görə, ilk hücum Kral Xalid adına Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə həyata keçirilib və əməliyyatın uğurla başa çatdığı bildirilib.
Hərəkatın açıqlamasında ikinci əməliyyatın isə “Şərq-Qərb” neft kəmərinin nasos stansiyasına qarşı yönəldiyi qeyd olunub.
Qeyd edək ki, husilər daha əvvəl Ər-Riyad beynəlxalq hava limanına və “Saudi Aramco” şirkətinin obyektlərinə zərbələr endirdiklərini açıqlamışdılar.