BAKI, 9 fevral. TELEQRAF

Alimlər 1831-ci ildə baş verən və atmosferə yaydığı kül buludları ilə Yer kürəsinin iqlimini soyudan sirli vulkan püskürməsinin mənbəyini müəyyənləşdiriblər.

Bu barədə Teleqraf “Euronews”ə istinadən xəbər verir.

Tarixi mənbələrə görə, bu püskürmə 19-cu əsrin ən güclü vulkan hadisələrindən biri olub. Stratosferə dolan kükürd-dioksit Şimal yarımkürəsində illik orta temperaturu təxminən 1 dərəcə aşağı salıb.

Püskürmənin vaxtı məlum olsa da, vulkanın yeri uzun müddət naməlum qalıb. Lakin alimlər Qrenlandiyadakı buz parçalarından götürülmüş nümunələri araşdıraraq kükürd izotoplarını, kül hissəciklərini və 1831-1834-cü illərdə toplanmış vulkanik şüşə fraqmentlərini təhlil etməklə bu sirri açmağı bacarıblar.

Tədqiqatçılar buz parçalarında aşkar edilən hissəciklərin yayılma trayektoriyasını hesablayaraq püskürmənin Sakit okeanın şimal-qərbində yerləşən bir adada baş verdiyini müəyyən ediblər.

"Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında yayımlanan araşdırmaya görə, bu vulkan Rusiya ilə Yaponiya arasında mübahisəli ərazi hesab edilən Kuril adalarına aid Simuşir adasındakı Zavaritski vulkanıdır.

Əvvəllər alimlər bu vulkanın son püskürməsinin eramızdan əvvəl 800-cü ildə baş verdiyini düşünürdülər.

İngiltərənin "St. Andrews" universitetinin yer və ətraf mühit elmləri fakültəsindən baş tədqiqatçı Dr. Uilyam Haçison bildirib ki, yer kürəsindəki bir çox vulkanın püskürmə tarixi haqqında çox az məlumat mövcuddur.

Onun sözlərinə görə, Zavaritski vulkanı Yaponiya ilə Rusiya arasında uzaq bir adada yerləşdiyi üçün burada heç kim yaşamır. Tarixi qeydlər isə əsasən bu adaların yaxınlığından keçən gəmilərin müşahidələri ilə məhdudlaşır.

Mütəxəssislər bildirirlər ki, Zavaritski vulkanının 19-cu əsrdəki fəaliyyəti haqqında yetərli məlumat olmadığı üçün alimlər uzun müddət onun 1831-ci il püskürməsinin mənbəyi olduğunu düşünməyiblər.