BAKI, 9 fevral. TELEQRAF

Son dövrlərdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mübahisəli açıqlamalar verib. O, ABŞ-nin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyanın ölkənin bir hissəsinə çevrilməsinin vacib olduğunu bildirib. Trampın sözlərinə görə, bu addım həm ABŞ, həm də ada sakinləri üçün faydalı ola bilər. Onun bəyanatları Avropa ölkələrində narahatlıq doğurub. Polşanın baş naziri Donald Tusk və Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu mövzuda danışıqlar aparmayacaqlarını bəyan ediblər.

ABŞ-nin Qrenlandiyanı əldə etmək arzusu yeni deyil. Tarix boyu Vaşinqton bir neçə dəfə adanı almağa cəhd edib. Bu cəhdlərin kökləri 19-cu əsrə gedib çıxır.

1868: Qrenlandiyanın təbii sərvətləri ABŞ-nin maraq dairəsində

1868-ci ildə ABŞ-nin dövlət katibi Uilyam Syuard yeni torpaqlar əldə etmək üçün müxtəlif cəhdlər edirdi. 1867-ci ildə o, Alyaskanı Rusiyadan 7,2 milyon dollara almışdı. Əgər bu alqı-satqı ictimaiyyət tərəfindən "Syuardın səfehlik addımı" kimi deyil, dəstəklə qarşılansaydı, o, Qrenlandiyanı (və hətta İslandiyanı) da ABŞ ərazisinə qatmaq niyyətində idi.19-cu əsrdə ABŞ üçün Alyaska naməlum ərazi sayılırdısa, Qrenlandiya haqqında daha az məlumat var idi. Bu məqsədlə Syuard 1867-ci ildə Qrenlandiyanın təbii ehtiyatlarını araşdırmaq üçün ekspedisiya təşkil etdi. 1868-ci ildə nəşr olunan hesabatda adanın zəngin təbii sərvətlərə malik olduğu göstərildi.

Syuard yazırdı: "Qrenlandiyada xeyli sayda balina, morj, suiti, köpəkbalığı, qızılbalıq və s. var. Həmçinin adada tülkü, canavar, maral və ayılar yaşayır. Qərb sahillərində ucuz və asan hasil edilən kömür yataqları mövcuddur".

O, bu təbii ehtiyatların ABŞ-yə ticarət üstünlüyü qazandıracağını bildirirdi. Lakin həmin dövrdə Alyaskanın alınması ictimaiyyətdə mənfi qarşılandığı üçün Konqres Qrenlandiyanın alınması ideyasını dəstəkləmədi.

1910: Üçtərəfli ərazi mübadiləsi planı

20-ci əsrin əvvəllərində ABŞ Qrenlandiyanı əldə etmək üçün yeni strateji addım atdı. 1910-cu ildə ABŞ-nin Danimarkadakı səfiri Moris Eqan üçtərəfli ərazi mübadiləsi təklif etdi:

1. Danimarka Qrenlandiyanı ABŞ-a təhvil verir.

2. ABŞ Filipindəki bir neçə adanı Danimarkaya güzəştə gedir.

3. Danimarka həmin adaları Almaniyaya təhvil verir.

4. Almaniya isə bunun müqabilində Şlezviq-Holşteyn ərazisini Danimarkaya qaytarır.

Lakin bu plan reallaşmadı. Buna baxmayaraq, bu təşəbbüs ABŞ-ın 1917-ci ildə Danimarkadan Vircin adalarını almasına zəmin yaratdı.

1946: Qrenlandiya üçün 100 milyon dollarlıq təklif

İkinci Dünya Müharibəsindən sonra ABŞ Qrenlandiyanın strateji əhəmiyyətini artırdı. Müharibə zamanı 10 mindən çox müttəfiq təyyarəsi yanacaq doldurmaq məqsədilə Qrenlandiyada eniş etmişdi. Pentaqon bu ərazini "nəhəng hərbi aerodrom" kimi görürdü.

1946-cı ildə ABŞ Qrenlandiyanı almaq üçün Danimarkaya 100 milyon dollar dəyərində qızıl ödəməyi təklif etdi. Lakin bu təklif Danimarkada diplomatik etiraza səbəb oldu. Xarici işlər naziri Qustav Rasmussen təklifə belə cavab verdi: "Biz Amerikaya çox borcluyuq, amma bu, Qrenlandiyanı onlara vermək üçün səbəb deyil."

Soyuq Müharibə: Qrenlandiyanın strateji önəmi

Soyuq Müharibə dövründə Qrenlandiya ABŞ və SSRİ arasında mühüm geostrateji əraziyə çevrilmişdi 1951-ci ildə ABŞ və Danimarka arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə görə, ABŞ Qrenlandiyada hərbi bazalar qurmaq hüququ əldə etdi.

"Blue Jay" adlı gizli layihə çərçivəsində ABŞ 1951-1953-cü illərdə Qrenlandiyanın şimal-qərb sahilində nəhəng "Thule" Hərbi Hava Bazasını inşa etdi. Tikintidə 12 min işçi çalışdı və 300 min ton tikinti materialı daşındı. Soyuq müharibənin 1950-1960-cı illərdəki gərgin dövründə bazada 10 min amerikalı əsgər xidmət edirdi.

Bundan əlavə, ABŞ buz təbəqəsinin altında yerləşən "Camp Century" adlı gizli hərbi obyekt inşa etmişdi. Bu bazada nüvə elektrik stansiyası, kitabxana, yeməkxana və hətta boulinq zalı var idi. "Camp Century", əslində, daha geniş "Project Iceworm" layihəsinin sınaq mərhələsi idi. Layihənin məqsədi buz təbəqəsinin altında dəmir yolu şəbəkəsi quraraq nüvə raketlərinin daşınmasını təmin etmək idi. Lakin buzun qeyri-sabitliyi səbəbindən bu plan reallaşdırılmadı.

1955-ci ilə qədər ABŞ Qrenlandiyanı almaq ideyasından tamamilə imtina etməmişdi. Həmin il ABŞ-nin müdafiə nazirliyi Prezident Dvayt Eyzenhauera Qrenlandiyanın alınmasının hələ də maraqlı bir variant olduğunu bildirən məxfi sənəd göndərdi. Lakin rəsmi təklif irəli sürülmədi.

1979-cu ildə Danimarka Qrenlandiyaya muxtariyyət verdi. Hazırda Qrenlandiya Danimarkanın tərkibində muxtariyyətə malikdir, lakin müdafiə və xarici siyasət məsələləri Danimarkanın səlahiyyətində qalır. ABŞ isə Qrenlandiyada hərbi varlığını qoruyub saxlayır. 2020-ci ildə "Thule" hərbi bazası "Paitufik" kosmik bazası adını alıb və ABŞ Kosmik Qüvvələrinin idarəsinə verilib.