Xalq artisti Brilliant Dadaşova Xəzər televiziyasında etirafları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova pedaqoji fəaliyyətinə başladığını deyib:
"İncəsənət Universitetində dərs deyirəm. "Səs Azərbaycan" yarışması vaxtımı çox aldı. Amma oradakı iştirakçıları yarışmanın standartlarına uyğun olaraq hər dəfə çıxarmaq məcburiyyətindəyəm, sanki ürəyimdən qoparıb, çıxarıram. Çünki onlar tanınmağa gəliblər, səhnədə olmaq istəyirlər. Baxışlarından oxuyuram ki, məndən kömək istəyirlər. Ona görə mənim "Səs Azərbaycan" yarışmasında canım getdi.
"Səs Azərbaycan" layihəsindən qonorar təklif edildi. Dedim ki, pandemiyadan sonra pulum yox idi, amma iştirakçıları çıxarmaq qisminə gələndə düşündüm ki, buradan qaçmaq istəyirəm. Heç kimi çıxara bilmirəm, mənə ümid dolu gözlərlə baxırlar.
Hər zaman səhnədə özümü sərt insan kimi göstərmişəm, elə etməsən adamı yeyərlər. Dayanmaq lazım idi. Görürdülər ki, özümdə heç nə tapa bilmirlər, şər-böhtana keçirdilər. Mən ailəli insanam və əlbəttə ki, bunlar ailəmə, övladıma təsir edirdi".
Xalq artisti "Siz hər kəsin toy məclisində iştirak edirsiniz. Bəs, oğlunuzun toy mərasiminə kimlər gələcək?" sualına "Bizim toyumuzda Şövkət Ələkbərova, Sara Qədimova, İlhamə Quliyeva və bir çoxları iştirak etdilər. Amma oğlumun məclisini bilmirəm. Gənclərin zövqü dəyişib. Oğlum Ədalət Şükürovun bəzi mahılarını bəyənir. Eyyub Yaqubovu xoşlayır",-deyə cavab verib.