BAKI, 17 yanvar. TELEQRAF

2025-ci ildə Cənubi Koreya tarixində ilk dəfə K-pop albomlarının ixracından 300 milyon dollardan çox gəlir əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın Gömrük Xidmətinin məlumatlarına istinadla "Yonhap" agentliyi yazıb.

Statistikaya əsasən, 2025-ci ildə Cənubi Koreyadan ixrac olunan K-pop albomlarının ümumi dəyəri 301,7 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,4 faiz çoxdur. Göstəricilər daxili bazarda satışların azalmasına baxmayaraq, koreya pop musiqisinə xaricdə marağın artdığını göstərir.

K-pop albomlarının ən böyük idxalçısı 80,6 milyon dollarla Yaponiya olub. İkinci yerdə Çin (69,7 milyon dollar), üçüncü yerdə isə ABŞ (64 milyon dollar) qərarlaşıb. Qeyd olunur ki, Yaponiya bazarına ixrac il ərzində 10,2 faiz azalıb, Çinə tədarük isə 16,6 faiz artıb. Bu artım nəticəsində Çin 2022-ci ildən sonra ilk dəfə ABŞ-ni geridə qoyaraq ikinci yerə yüksəlib.

Bundan başqa, Tayvan, Almaniya, Honkonq, Niderland, Kanada, Fransa və Polşa K-pop albomlarının ən iri idxalçıları sırasında yer alıb.

Bununla yanaşı, "Circle Chart" musiqi reytinqinin məlumatları qlobal satışlarda geriləmənin davam etdiyini göstərir. Belə ki, 2025-ci ildə dünyada təxminən 93,5 milyon K-pop albomu satılıb. Halbuki bu göstərici 2023-cü ildə 120 milyon nüsxəyə yaxın olub. Mütəxəssislər satışların azalmasını əsasən Cənubi Koreya daxilində tələbatın zəifləməsi ilə əlaqələndirirlər.