BAKI, 23 sentyabr. TELEQRAF

Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin avqust ayının sonuna 6.3 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.2 dəfə artıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edilib ki, bu şəraitdə təminatsız pul bazarı üzrə bençmark faizlər bir qədər azalmağa meyil edib:

"Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin iyul ayında 6.39%, avqust ayında 6.28%, sentyabr ayının ötən dövründə isə 6.02% olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı avqust ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70.8% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın not portfelinin həcmi də avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb".