BAKI, 7 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsindən Böyük Qayıdış Proqramı üzrə ayrılmış 3,5 milyard manatın 1 milyard 64,1 milyon manatı istifadə olunub.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ayrılmış vəsaitin təxminən 30,4%-nə bərabərdir.
Ümumilikdə dövlət büdcəsinin investisiya yönümlü əsaslı xərcləri 4 milyard 188,2 milyon manat olub. Bunun 2 milyard 313,9 milyon manatı digər əsaslı xərclərin, 810,2 milyon manatı investisiya proqramının, 1 milyard 64,1 milyon manatı isə Böyük Qayıdış Proqramının payına düşüb.
Böyük Qayıdış Proqramı çərçivəsində ən böyük xərc nəqliyyat sektorunda qeydə alınıb. Bu istiqamət üzrə 1 milyard 49,4 milyon manat ayrılıb, 505,2 milyon manat istifadə olunub və icra səviyyəsi 48% təşkil edib.
Sosial layihələrə ayrılmış 1 milyard 707,9 milyon manatın 400,5 milyon manatı xərclənib (23%).
Su təsərrüfatı və meliorasiya sahəsində 221,3 milyon manatın 7,6 milyon manatı istifadə olunub, bu isə 3%-lik icra göstəricisidir.
Energetika və sənaye istiqamətində 133,9 milyon manatın 15,4 milyon manatı (11%), müdafiə və hüquq-mühafizə sahəsində 143,8 milyon manatın 60,3 milyon manatı (42%), digər layihələr üzrə isə 243,7 milyon manatın 75,2 milyon manatı (31%) icra edilib.
Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 340 layihə icra olunub. Onların 182-si sosial, 76-sı nəqliyyat, 36-sı su təsərrüfatı və meliorasiya, 19-u müdafiə və hüquq-mühafizə, 16-sı digər, 11-i isə energetika və sənaye sahələrinə aiddir.