BAKI, 27 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin ümumi daxilolmalarının 57,3 faizini - 10 milyard 981 milyon manatını qeyri neft-qaz sektoru üzrə daxilolmalar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu proqnozla müqayisədə 329,1 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 703,8 milyon manat və ya 6,8 faiz çoxdur.
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 64,3 faizini və ya 7 milyard 64,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,6 faizini və ya 3 milyard 143,6 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,2 faizini və ya 350,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,6 faizini və ya 394 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 28,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edib.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8198,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur.