BAKI, 1 iyul. TELEQRAF

Azərbaycan 1994-cü ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu dövr ərzində Azərbaycanda təqribən 500 milyon avro dəyərində müxtəlif layihələr bank tərəfindən maliyyələşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu layihələr çərçivəsində yerli banklar vasitəsilə kiçik və orta biznesə verilən dəstəklər ən önəmli layihələr qismində qiymətləndirilə bilər:

“Növbəti dövr üzrə əməkdaşlığımızın genişləndirilməsi nəzərdə tutulur. Bugünkü müzakirələrdə aşağıdakı istiqamətlər nəzərdən keçirilir. Azərbaycanda, eyni zamanda Cənubi Qafqazda və Qara dəniz regionunda trans-milli və regional layihələrin genişləndirilməsi, həm nəqliyyat dəhlizləri, həm də enerji layihələrinin daha geniş şəkildə dəstəklənməsi, o cümlədən Azərbaycan və digər ölkələrdə müxtəlif özəl layihələrə, xüsusilə kiçik və orta biznesə dəstək verilməsi müzakirə edilir. Əlbəttə ki, növbəti dövrdə biz bankın uğurlu fəaliyyətini də görəcəyik”.