BAKI, 1 iyul. TELEQRAF

Qara Dəniz Ticarət və İnkişaf Bankının maliyyə bazarlarındakı iştirakı gözləntilərimizi üstələyib.

Teleqraf xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 28-ci İllik Toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu proses fevral ayında üç illik BSTDB istiqrazının uğurlu yerləşdirilməsi ilə yekunlaşıb:

“İstiqraza tələbat təklif olunan həcmdən yeddi dəfə çox olub və investor marağı o qədər yüksək idi ki, hədəf spredi 60 baza bəndi azalda bilmişik.

Bankın müəyyən müddət bazarlarda iştirak etmədiyini və qlobal şəraitin qeyri-müəyyən olduğunu nəzərə alsaq, nəticələrin necə olacağını əvvəlcədən proqnozlaşdırmaq çətin idi. Lakin indi aydındır ki, investorlar əvvəlki illərdə bankın dayanıqlılığını qorumaq və onun kredit qabiliyyətini təmin etmək istiqamətində gördüyümüz işləri düzgün qiymətləndiriblər”.