BAKI, 1 iyul. TELEQRAF

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə infrastruktur, bərpa olunan enerji, nəqliyyat bağlantıları, eləcə də maliyyə sektorunun inkişafı daxil olmaqla geniş sahələr üzrə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında çıxışı zamanı deyib.

S.Babayev bidlirib ki, bankın 2025-ci ildə enerji təhlükəsizliyinə verdiyi xüsusi önəm Azərbaycanın strateji prioritetləri ilə tam üst-üstə düşür:

“Bankın illik hesabatında da vurğulandığı kimi, enerji təhlükəsizliyi Qara dəniz regionu üçün getdikcə daha mühüm məsələyə çevrilib. Etibarlı enerji təchizatçısı və strateji tranzit qovşağı olan Azərbaycan regionumuzda enerji təhlükəsizliyinin gücləndirilməsinin əhəmiyyətini tam dərk edir. Hökumətimiz yaşıl keçid gündəliyimizə və iqlim öhdəliklərimizə uyğun olaraq bərpa olunan enerji sahəsinə irimiqyaslı investisiyalar həyata keçirir.

İllik hesabatda, həmçinin təchizat mənbələrinin, ticarət marşrutlarının və bağlantı şəbəkələrinin şaxələndirilməsi istiqamətində əlaqələndirilmiş səylərin vacibliyi vurğulanır. Azərbaycan bu istiqamətdə əsas tərəfdaşlardan biri olaraq qalmağa hazırdır. Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz üzərində yerləşən mühüm logistika qovşağı kimi Azərbaycan regional əlaqələndirmənin gücləndirilməsi, ticarətin asanlaşdırılması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və bankın mandatının həyata keçirilməsinə töhfə vermək üçün unikal imkanlara malikdir”.