BAKI, 9 iyun. TELEQRAF
2021-ci ildən 2025-ci ilə qədər Azərbaycanda Ani Ödənişlər Sistemində (AÖS) emal edilə bilən əməliyyatların sayı 86 dəfə artaraq 116 mindən təxminən 10 milyona çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş Proqram Təminatı Mühəndisi və Ödəniş Sistemi Administratoru Tofiq Acirqayev “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu dövrdə əməliyyatların məbləği 281 milyon manatdan 2,6 milyard manata çatıb ki, bu da 9,3 dəfə artım deməkdir:
“2021-2024-cü illərdə artım sabit və ardıcıl xarakter daşısa da, 2025-ci ildə əhəmiyyətli sıçrayış qeydə alınıb.
2025-ci ildə əməliyyatların sayı 2024-cü illə müqayisədə 12 dəfədən çox artıb. Bunun əsas səbəbi fiziki şəxslər arasında köçürmələrin (P2P) Ani Ödənişlər Sistemi vasitəsilə emal edilməsidir. 2026-cı ildə də artım tendensiyası davam edir. Yanvarda 312 milyon manat dəyərində 2,1 milyon əməliyyat emal olunubsa, apreldə bu göstərici 940 milyon manat və 9,8 milyon əməliyyata yüksəlib.
Dörd ay ərzində əməliyyatların sayı 4,6 dəfə, məbləği isə 3 dəfə artıb. 2026-cı ilin ilk dörd ayında emal olunan ümumi məbləğ (2.23 miıyard manat) artıq 2025-ci ilin illik həcminin 85 faizini təşkil edir.
2026-cı ildə fiziki şəxslər arasında köçürmələr həm əməliyyat sayı, həm də məbləğ baxımından üstün mövqeyini qoruyub. İlk dörd ayda bu kateqoriya üzrə 19,3 milyon əməliyyat həyata keçirilib ki, bu da ümumi əməliyyatların 95,5 faizini təşkil edib”.