BAKI, 9 iyun. TELEQRAF
Hazırda Mərkəzi Bankın həyata keçirdiyi layihələrdən biri Hökumət Ödəniş Portalı (HÖP) üzrə hesablaşmaların Ani Ödənişlər Sisteminə (AÖS) keçirilməsidir. Artıq 16 bank bu hesablaşmaları AÖS üzərindən həyata keçirir. Bu sahədə dövriyyə təxminən 46 milyon manata çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin Direktor müavini Ramil Mahmudov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, burada potensial daha böyükdür və bu göstəricinin 1 milyard manata çatdırılması hədəflənir:
“QR ödənişlərində infrastruktur üzrə əməliyyatların sayı da 44 dəfə artıb. Burada kifayət qədər böyük dinamika gözlənilir. Hazırda 21 AZQR təchizatçısı var ki, onların arasında banklar, poçt operatorları və fintex şirkətləri yer alır.
Ölkədə quraşdırılmış POS-terminalların 71 faizi artıq QR ödənişlərini dəstəkləyir. Məqsəd bu göstəricini 100 faizə çatdırmaqdır. Hazırda bazarda köhnə nəsil POS-terminallar mövcuddur ki, onlar dinamik QR ödənişlərini dəstəkləmir. Bununla belə, ilin sonunadək daha yüksək nəticələrin əldə olunacağı gözlənilir”, – deyə R.Mahmudov əlavə edib.