BAKI, 9 iyun. TELEQRAF
Müasir müştərilər sərhədlərarası ödənişlərdə sadə, şəffaf və izlənilə bilən xidmət tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə İrina Lohrer, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) MDB və Qafqaz üzrə ölkə meneceri İrina Lohrer “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, müştərilər üçün ödənişin başladılması prosesi sadə olmalı, əməliyyat xərcləri əvvəlcədən məlum olmalı, proses şəffaf şəkildə həyata keçirilməli və ödənişin izlənilməsi mümkün olmalıdır:
“McKinsey” konsaltinq firması tərəfindən aparılmış müqayisəli tədqiqatın nəticələrinə əsasən, bank müştərilərinin ödəniş xidmətlərindən məmnunluq səviyyəsi hələ də aşağıdır. Araşdırma çərçivəsində sadəlik, şəffaflıq və izləniləbilənlik göstəriciləri qiymətləndirilib.
Tədqiqat göstərib ki, müştərilərin yalnız 50 faizi ödənişin başladılması prosesinin sadəliyindən razıdır. Komissiya və xidmət haqları barədə məlumatlılığı əks etdirən şəffaflıq göstəricisi üzrə isə bank müştərilərinin yalnız üçdə biri mövcud ödəniş xidmətlərindən məmnun olduğunu bildirib.
İzləniləbilənlik sahəsində vəziyyət daha zəifdir. Belə ki, hər 10 müştəridən cəmi 2-si banklarının ödənişlərin izlənməsi ilə bağlı təqdim etdiyi imkanlardan razı qalır”.