BAKI, 9 iyun. TELEQRAF

Dövlət fondlarının bütün istiqamətlər üzrə verdiyi kreditlərin həcmi son 12 ay ərzində 22.5 faiz artaraq 1.2 milyard manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu artım prioritet sahələrin maliyyələşdirilməsi, sahibkarlığın dəstəklənməsi və bank sektorunun real iqtisadiyyatla əlaqələrinin gücləndirilməsi baxımından mühüm rol oynayır:

“Aqrar kreditləşmə üzrə qiymətləndirmə imkanlarının gücləndirilməsi, Aqrar Kredit Kooperativlərinin yaradılması və dəstəklənməsi, aqrar sığorta, subsidiya, zəmanət və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu isə prioritet sahələrin maliyyələşdirilməsində dövlət dəstəyinin və maliyyə institutları ilə koordinasiyanın əhəmiyyətinibir daha önə çıxarır”.